ATU-nun Tədris Cərrahiyyə Klinikasında 62 yaşlı kişi pasiyentdə sağ böyrəyin bədxassəli şişi ilə əlaqədar radikal nefrektomiya əməliyyatı uğurla həyata keçirilib.
Tibbmedia.az Aztibb.az istinadən xəbər verir ki, əməliyyat Tədris Cərrahiyyə Klinikasının uroloqu, kafedra müdiri, professor Rauf Nağıyev tərəfindən icra olunub.Pasiyent ilk dəfə cari ilin fevral ayında klinikaya kəskin sidik ləngiməsi şikayəti ilə müraciət edib. Müayinə zamanı sidik kisəsində 350 ml-dən artıq qalıq sidik aşkar edilib. Aparılan müayinələr nəticəsində xəstəyə xoşxassəli prostat vəzinin böyüməsi diaqnozu qoyulub və transuretral prostat rezeksiyası (TURP) əməliyyatı icra olunub.
Əməliyyatdan əvvəl aparılan ultrasəs müayinəsi zamanı isə təsadüfi olaraq sağ böyrəyin orta seqmentində təxminən 6 sm ölçüdə törəmə aşkarlanıb. Daha sonra icra edilən kompüter tomoqrafiyası müayinəsi törəmənin bədxassəli xarakter daşıdığını təsdiqləyib.
Prostat əməliyyatından sonrakı dövrdə pasiyentə böyrək üzrə cərrahi müdaxilənin bir ay sonra həyata keçirilməsi tövsiyə olunsa da, o, klinikaya gec müraciət edib.
Nəticədə pasiyentdə sağ böyrəyin tam çıxarılmasını nəzərdə tutan sağtərəfli radikal nefrektomiya əməliyyatı uğurla icra olunub. Radikal nefrektomiya böyrəyin bədxassəli şişlərinin müalicəsində tətbiq olunan əsas cərrahi üsullardan biridir və əməliyyat zamanı şişlə birlikdə böyrək tam şəkildə xaric edilir. Bu yanaşma xəstəliyin yayılmasının qarşısının alınması və uzunmüddətli müalicə nəticələrinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qey edək ki, əməliyyatın təhlükəsiz və uğurlu icrasında anestezioloq-reanimatoloq Aybəniz Bayramovanın peşəkar yanaşması xüsusi əhəmiyyət daşıyıb. Onun rəhbərliyi ilə pasiyentin əməliyyat zamanı həyati göstəricilərinin davamlı monitorinqi, anestezioloji təminatın düzgün idarə olunması və perioperativ təhlükəsizliyin qorunması həyata keçirilib.