Yeni Klinikada ilk: Uroloqlar mürəkkəb laparoskopik parsial nefrektomiya əməliyyatını uğurla icra etdilər

19-07-2026, 01:32

Yeni Klinikanın Urologiya komandası 1960-cı il təvəllüdlü kişi pasiyent üzərində ilk dəfə laparoskopik parsial nefrektomiya əməliyyatını uğurla həyata keçirib.

Tibb müəssisəsinə müraciət edən pasiyentin müayinəsi zamanı sol böyrəkdə mərcanvari daş, eyni zamanda böyrəyin yuxarı-orta qütbündə yerləşən 20 millimetr ölçülü xoşxassəli törəmə aşkarlanıb.

Həkim-uroloqlar tərəfindən pasiyent üçün mərhələli müalicə planı hazırlanıb. İlk mərhələdə böyrək daşı ilə bağlı stent yerləşdirilib. Daha sonra isə eyni cərrahi seans çərçivəsində böyrəkdəki törəmə qapalı üsulla – laparoskopik parsial nefrektomiya əməliyyatı vasitəsilə uğurla xaric edilib.

Əməliyyat zamanı cəmi 3 ədəd 1 santimetrlik kəsikdən istifadə olunub. Minimal invaziv üsul sayəsində pasiyent daha qısa müddətdə sağalıb və əməliyyatdan cəmi iki gün sonra sağlam vəziyyətdə evə buraxılıb.

Mütəxəssislərin sözlərinə görə, laparoskopik parsial nefrektomiya böyrəyin sağlam toxumasını maksimum dərəcədə qorumağa imkan verir. Bu üsul qan itkisinin azalması, əməliyyatdan sonrakı ağrıların minimum olması, infeksiya riskinin aşağı düşməsi və pasiyentin daha qısa müddətdə gündəlik həyatına qayıtması baxımından müasir urologiyada üstünlük təşkil edən cərrahi metodlardan hesab olunur.

Bu uğurlu əməliyyat Yeni Klinikanın yüksək texnologiyalara əsaslanan cərrahi xidmətlərinin inkişafı və mürəkkəb uroloji əməliyyatların icrasında əldə olunan növbəti mühüm nailiyyət kimi qiymətləndirilir.

 


Hadisələri Tiktokda anında izləyin!
Keçid et