Daimi yorğunluq, səhər dincəlməmiş oyanmaq, çəki verməkdə çətinlik çəkmək və gün ərzində enerjinin tez tükənməsi çox vaxt yaşlanmanın təbii nəticəsi kimi qəbul edilsə də, mütəxəssislərə görə bu əlamətlərin arxasında hormon balanssızlığı dayana bilər. Sağlam və aktiv yaşlanmanın əsas şərtlərindən biri isə hormon sistemini tanımaq və düzgün idarə etməkdir.
Qaynarinfo xəbər verir ki, daxili xəstəlikləri üzrə mütəxəssis Dr. Erkan Sarıyıldızın sözlərinə görə, uzun və sağlam həyat yalnız xəstəlikləri müalicə etməklə deyil, orqanizmin kimyasını anlamaqla mümkündür. Onun sözlərinə görə, hormonların düzgün işləməsi gələcək onilliklərdə sağlamlığı birbaşa müəyyən edir.
Hormonlar bədənin "gizli idarəçiləri”dir
Hormonlar qanda dolaşaraq uzaq orqanlara siqnal ötürən kimyəvi xəbərçilər kimi fəaliyyət göstərir. Hipotalamus və hipofiz vəzi bu sistemin mərkəzi sayılır və bütün endokrin sistemi idarə edir. Tiroid vəzi, böyrəküstü vəzilər, pankreas və cinsiyyət vəziləri bu siqnallara uyğun şəkildə fəaliyyət göstərir.
Mütəxəssis qeyd edir ki, sağlam hormon sistemi özünü tarazlaya bilir: hormon səviyyəsi artdıqda orqanizm istehsalı azaldır. Bu incə balans uzunömürlülük və sağlam yaşlanmanın əsas göstəricilərindən biridir.