Pasiyentlərin bilməyə haqqı var: Pərvaz Kişiyevlə bağlı suallar niyə hələ də cavabsızdır?

17-08-2026, 21:10

Tibbmedia.az xəbər verir ki, mediada Həkim Pərvaz Kişiyevin peşə fəaliyyəti ilə bağlı ictimai maraq doğuran araşdırma dərc edilmişdi. Həmin araşdırmada əsas diqqət onun hazırda "VIP Milan Hospital"da LOR (otorinolarinqoloq) həkimi kimi fəaliyyət göstərməsi, daha əvvəl isə anestezioloq kimi çalışdığı barədə redaksiyaya daxil olmuş məlumatlar fonunda yaranan suallara yönəlmişdi.

Araşdırmanın məqsədi heç vaxt hər hansı həkimi və ya tibb müəssisəsini ittiham etmək olmayıb. Məqsəd yalnız bir məsələni dəqiqləşdirməkdir: Pərvaz Kişiyev hazırda hansı ixtisas üzrə tibbi fəaliyyət göstərir və onun LOR həkimi, eləcə də rinoplastika üzrə tibbi müdaxilələr həyata keçirməsi üçün qanunvericiliyin tələb etdiyi sertifikasiya və peşə səlahiyyətləri mövcuddurmu?

Bu, təkcə bir həkimlə bağlı deyil. Bu, səhiyyə sistemində şəffaflıq, pasiyent hüquqları və ictimai etimad məsələsidir. Çünki hər bir vətəndaş müalicə üçün müraciət etdiyi həkimin hansı ixtisas üzrə fəaliyyət göstərdiyini və bunun hüquqi əsaslarını bilməyə haqlıdır.

Məhz bu səbəbdən Tibbmedia.az məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, TƏBİB-ə və "VIP Milan Hospital"a rəsmi sorğular ünvanlayıb. Sorğularda Pərvaz Kişiyevin hansı ixtisas üzrə sertifikasiyadan keçdiyi, hazırda hansı ixtisas üzrə tibbi fəaliyyət göstərdiyi, LOR həkimi kimi işləməsinin hüquqi əsasları və bununla bağlı mövcud sənədlər barədə məlumat istənilib.

Lakin sorğuların göndərilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, redaksiyanın suallarına hələ də cavab verilməyib.

Məhz bu susqunluq yeni suallar doğurur. Əgər bütün fəaliyyət qanun çərçivəsində həyata keçirilirsə, bunu təsdiqləyən qısa və rəsmi açıqlamanın verilməsi nə üçün gecikir? Əgər müvafiq sertifikasiya və hüquqi əsaslar mövcuddursa, onların ictimaiyyətə təqdim olunması həm pasiyentlərin narahatlığını aradan qaldırar, həm də tibb müəssisəsinin nüfuzunu qoruyar.

Əks halda, rəsmi mövqenin olmaması müxtəlif iddiaların və fərziyyələrin artmasına şərait yaradır ki, bu da nə səhiyyə sistemi, nə də pasiyent etimadı baxımından arzuolunan hal sayıla bilməz.

Diqqət çəkən digər məqam isə Pərvaz Kişiyevin sosial media hesablarında özünü rinoplastika istiqamətində fəaliyyət göstərən həkim kimi təqdim etməsi barədə yayılan məlumatlardır. Rinoplastika yüksək peşəkarlıq tələb edən tibbi müdaxilə hesab olunur. Bu səbəbdən belə əməliyyatların hansı ixtisas və hansı hüquqi əsaslarla həyata keçirildiyinə dair suallar tamamilə legitimdir və cavablandırılmalıdır.

Tibbmedia.az bir daha vurğulayır ki, redaksiya heç bir yekun hüquqi nəticə irəli sürmür və hər hansı qanun pozuntusunun baş verdiyini iddia etmir. Bu məsələyə qiymət vermək yalnız səlahiyyətli dövlət qurumlarının və təqdim olunacaq rəsmi sənədlərin səlahiyyətindədir.

Lakin media ictimai maraq doğuran sualları vermək və onların cavabını tələb etmək hüququna malikdir. Xüsusilə söhbət insanların sağlamlığından və tibbi xidmətə olan etimaddan gedirsə, şəffaflıq artıq seçim deyil, zərurətdir.

Tibbmedia.az Səhiyyə Nazirliyini, TƏBİB-i və "VIP Milan Hospital"ı məsələ ilə bağlı ictimaiyyəti maraqlandıran suallara rəsmi aydınlıq gətirməyə çağırır. Eyni zamanda, Pərvaz Kişiyevin mövqeyini də heç bir ixtisar edilmədən dərc etməyə hazır olduğumuzu bir daha bəyan edirik.

Araşdırma davam edir.


Hadisələri Tiktokda anında izləyin!
Keçid et