Son günlər sosial şəbəkələrdə Müharibə Veteranlarının Respublika Klinik Xəstəxanasının adının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. İstifadəçilər tibb müəssisəsinin adının "Respublika Veteranlarının Sağlamlıq Mərkəzi" olaraq dəyişdirilməsini təklif edirlər.
Sosial şəbəkə istifadəçilərinin fikrincə, yeni ad müəssisənin fəaliyyət istiqamətini daha dəqiq ifadə edir, "Veteranlar" anlayışı isə daha geniş məna daşıyaraq müxtəlif dövrlərdə hərbi xidmət keçmiş bütün veteranları əhatə edir. Eyni zamanda, "Sağlamlıq Mərkəzi" ifadəsinin yalnız stasionar müalicəni deyil, diaqnostika, ambulator xidmətlər, reabilitasiya və digər tibbi xidmətləri də özündə birləşdirdiyi qeyd olunur.
İstifadəçilər hesab edirlər ki, belə bir ad dəyişikliyi həm aparılan səhiyyə islahatlarına uyğun olar, həm də veteranlara göstərilən dövlət qayğısını daha dolğun ifadə edər.
Qeyd edək ki, məsələ ilə bağlı hələlik hər hansı rəsmi qərar qəbul edilməyib. Sosial şəbəkələrdə səsləndirilən fikirlər ictimai təklif xarakteri daşıyır.