Epilepsiya dünyada milyonlarla insanın həyatına təsir edən ən geniş yayılmış nevroloji xəstəliklərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bu xəstəliyin effektiv qarşısının alınması və müalicəsinin təşkili üçün ilk növbədə onun əhali arasında yayılma səviyyəsi, risk faktorları və epidemioloji xüsusiyyətləri dəqiq müəyyən edilməlidir.
Elmi araşdırmalara görə, dünyada hər il hər 100 min nəfərə orta hesabla 50–70 yeni epilepsiya halı qeydə alınır. Xəstəliyin yayılması isə hər 1000 nəfərə 5–10 nəfər arasında dəyişir. Epilepsiya yalnız insanların sağlamlığına deyil, həm də ölkələrin səhiyyə sisteminə və iqtisadiyyatına ciddi yük yaradır. Müalicə, dərman təminatı və reabilitasiya xidmətləri böyük maliyyə vəsaiti tələb edir.
Mütəxəssislər bildirirlər ki, epilepsiyanın epidemiologiyasının öyrənilməsi səhiyyə sisteminin düzgün planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə kliniki epidemiologiya xəstəliyin yayılması, xəstələnmə göstəriciləri və risk amillərinin elmi metodlarla araşdırılmasını təmin edir. Əldə olunan nəticələr gələcək səhiyyə strategiyalarının hazırlanmasına, diaqnostika və müalicə xidmətlərinin təkmilləşdirilməsinə imkan yaradır.
Araşdırmalar göstərir ki, inkişaf etməkdə olan ölkələrdə epilepsiyanın yayılması inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksəkdir. Bunun əsas səbəbləri sırasında perinatal ağırlaşmalar, doğuş travmaları, infeksiyalar, mərkəzi sinir sisteminin parazitar xəstəlikləri, sosial-iqtisadi amillər və tibbi xidmətə çıxış imkanlarının məhdudluğu göstərilir.
Azərbaycanın qonşu ölkələrində aparılmış epidemioloji tədqiqatlar da diqqətçəkən nəticələr ortaya qoyub. Rusiyada epilepsiya üzrə tədqiqatlar yüz ildən artıq tarixə malik olsa da, ölkə üzrə vahid statistikanın formalaşdırılması hələ də problem olaraq qalır. Müxtəlif regionlarda aparılan araşdırmalar xəstəliyin yayılmasının ərazi və sosial xüsusiyyətlərdən asılı olaraq dəyişdiyini göstərir.
İranda aparılmış genişmiqyaslı tədqiqatlar epilepsiyanın yayılmasının təxminən 5 faiz olduğunu göstərib. Eyni zamanda son illərdə ölkədə xəstəliyin yayılmasında müəyyən azalma meyli müşahidə olunub.
Gürcüstanda Tbilisi şəhərində keçirilən epidemioloji araşdırmalar zamanı aktiv epilepsiyanın yayılması hər 1000 nəfərə 8,8 nəfər kimi qiymətləndirilib. Araşdırma zamanı məlum olub ki, xəstələrin əhəmiyyətli hissəsi müntəzəm antiepileptik müalicə almır.
Türkiyənin Trabzon vilayətində aparılan tədqiqatlarda isə aktiv epilepsiyanın yayılması hər 1000 nəfərə təxminən 5 nəfər müəyyən edilib. Tədqiqat müəllifləri bunu bölgənin sosial-iqtisadi göstəricilərinin daha əlverişli olması ilə əlaqələndirirlər.
Azərbaycanda da epilepsiyanın epidemiologiyasının öyrənilməsi istiqamətində mühüm tədqiqatlar aparılır. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda həyata keçirilmiş araşdırma nəticəsində epilepsiyanın yayılması hər 1000 nəfərə 7,75, xəstələnmə göstəricisi isə hər 100 min nəfərə 83 hal müəyyən edilib. Araşdırmalar kişilərdə xəstəliyin qadınlarla müqayisədə daha yüksək rast gəlindiyini, xüsusilə uşaqlar və yeniyetmələr arasında epilepsiyanın daha geniş yayıldığını göstərib.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın bütün regionlarını əhatə edən geniş epidemioloji tədqiqatların aparılması ölkədə epilepsiya üzrə milli statistikanın formalaşdırılmasına, risk amillərinin müəyyən edilməsinə və müalicə xidmətlərinin daha səmərəli təşkilinə mühüm töhfə verə bilər. Bu cür araşdırmalar həm də səhiyyə siyasətinin elmi əsaslarla planlaşdırılması və xəstələrin həyat keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.