
"Ağrıkəsicilər ağrı və narahatlığın aradan qaldırılmasında effektiv vasitələr hesab olunsa da, onların həddindən artıq istifadəsi orqanizm üçün risklidir. Xüsusilə qeyri-steroid iltihabəleyhinə dərmanlar - İbuprofen, Aspirin, eləcə də diklofenak və ketonal kimi preparatlar tez-tez istifadə edildikdə mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Bu zaman mədə xorası, qastrit və daxili qanaxma riski artır. Digər geniş yayılmış ağrıkəsici olan Parasetamol isə həddindən artıq qəbul edildikdə qaraciyərin ciddi zədələnməsinə gətirib çıxara bilər. Xüsusilə spirtli içki qəbul edən şəxslərdə bu risk daha yüksəkdir".
Tibbmedia.org xəbər verir ki, bu sözləri sonxeber.az-a Tibb üzrə fəlsəfə doktoru, həkim Ramin Qasımov danışıb.
O, açıqlamasında qeyd edib ki, bəzi ağrıkəsicilər böyrəklərə qan axınını azaldaraq onların funksiyasını poza bilər. Bu isə xroniki böyrək xəstəliyi və ya kəskin böyrək zədələnməsi ilə nəticələnə bilər:
"Daha təhlükəli qrup hesab olunan opioid tərkibli ağrıkəsicilər isə yüksək asılılıq riski daşıyır. Bu dərmanların uzunmüddətli istifadəsi tolerantlıq yaradır, yəni eyni təsiri əldə etmək üçün daha yüksək dozalar tələb olunur. Nəticədə fiziki və psixoloji asılılıq formalaşa bilər. Həmçinin yüksək dozada qəbul edildikdə tənəffüsün zəifləməsi və hətta ölüm riski yaranır.
Paradoksal hal kimi, ağrıkəsicilərin həddindən artıq istifadəsi ağrıya həssaslığın artmasına - hiperaljeziyaya səbəb ola bilər. Bu zaman ağrılar daha da güclənir və dərmanlara ehtiyac artır.
Ağrıkəsicilərdən istifadə zamanı tövsiyə olunan dozalara ciddi riayət etməyi vacib sayılır. Dərmanların istifadəsinə başlamazdan əvvəl mütəxəssislə məsləhətləşmək, mümkün yan təsirləri izləmək və alternativ üsullardan - fizioterapiya, masaj, akupunktur kimi metodlardan istifadə etmək tövsiyə olunur.
Sağlam həyat tərzi - düzgün qidalanma, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu da ağrıkəsicilərə olan ehtiyacı azaltmağa kömək edir. Sağlamlıqla bağlı hər hansı problem yarandıqda vaxt itirmədən həkimə müraciət etmək ciddi fəsadların qarşısını almaqda mühüm rol oynayır".