Paytaxt.org Səyyaf Tağıyevlə bağlı yazıya təkzib verib - SƏBƏBLƏR 

11-08-2026, 13:58

29 iyun 2026-cı il tarixində Tibbmedia.az saytında, 26 iyun 2026-cı il tarixində Paytaxt.org xəbər portalında yayımlanan “Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında NƏ BAŞ VERİR? – Yerli sakinlərin Səyyaf Tağıyevlə bağlı TƏBİB-ə MÜRACİƏTİ” başlıqlı yazı ilə bağlı “70 yaş ərəfəsində Əməkdar həkim hədəfdə? – Səyyaf Tağıyevlə bağlı yayılan iddiaların pərdəarxası” sərlövhəli material dərc edərək həmin yazıda səsləndirilən məlumatların əsassız olduğunu bildirmişdik.

11 avqust 2026-cı il tarixində isə Paytaxt.org redaksiyası sözügedən materialla bağlı rəsmi təkzib yayımlayıb.

Redaksiya yayımlanan yazıda Səyyaf Tağıyevlə bağlı səsləndirilən iddiaların aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığını bildirib, məlumatları təkzib edib və Səyyaf Tağıyevdən üzr istəyib.


Paytaxt.org tərəfindən yayımlanan təkzib yazısını olduğu kimi oxucularımıza təqdim edirik:

“Səyyaf Tağıyevlə bağlı iddialar öz əksini tapmadı – TƏKZİB

26 iyun 2026-cı il tarixində Paytaxt.org xəbər portalında Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyevlə bağlı “Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında NƏ BAŞ VERİR? – Yerli sakinlərin Səyyaf Tağıyevlə bağlı TƏBİB-ə MÜRACİƏTİ” başlıqlı məqalə yayımlanıb.

Məqalə sosial şəbəkələrdə yayılan məlumatlar əsasında hazırlanıb. Lakin sonradan həmin yazının müxtəlif sosial şəbəkə səhifə və qruplarında paylaşılması zamanı əsassız əlavələr edilib və məlumatlar təhrif olunub.

Paytaxt.org olaraq bildiririk ki, sözügedən materialın hazırlanmasında və yayımlanmasında heç bir qərəz və mənfi niyyət olmayıb. Məqsədimiz Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyevin fəaliyyətinə kölgə salmaq olmayıb.

Aparılan araşdırma zamanı məqalədə Səyyaf Tağıyevlə bağlı səsləndirilən iddiaların təsdiqini tapmadığı müəyyən edilib. Bu səbəbdən sözügedən məlumatları təkzib edir və Səyyaf Tağıyevdən yayılan yanlış məlumatlara görə üzr istəyirik.

Məqalənin sonradan təhrif edilərək Səyyaf Tağıyevə qarşı qərəzli kampaniyada istifadə olunmasının qarşısını almaq məqsədilə yazı Paytaxt.org portalından yayından qaldırılıb.

Səyyaf Tağıyevə və rəhbərlik etdiyi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kollektivinə fəaliyyətlərində uğurlar arzulayır, gələcəkdə onların mövqeyini obyektiv şəkildə işıqlandırmağa hazır olduğumuzu bildiririk.”


Hadisələri Tiktokda anında izləyin!
Keçid et