3 saylı Doğum Evində nə baş verir? – Tibbi ləvazimatlar həyətdə saydırılır, işçilərə təzyiq iddiaları gündəmdə!

Вчера, 19:03

3 saylı Doğum Evində çəkildiyi bildirilən videogörüntülər tibb müəssisəsində sanitariya-gigiyena qaydalarına riayət olunması və əməkdaşlarla davranış məsələlərini gündəmə gətirib.

Redaksiyamıza təqdim olunan görüntülərdə bir qrup əməkdaşın müəssisənin həyətində müxtəlif tibbi ləvazimatları və digər əşyaları çeşidlədiyi, saydığı müşahidə olunur.

İddialara görə, həmin əşyalar məhv edilməsi nəzərdə tutulan tibbi ləvazimatlardır. Lakin onların istifadə olunub-olunmadığı, hansı təhlükəlilik sinfinə aid edildiyi və müvafiq qaydada zərərsizləşdirilib-zərərsizləşdirilmədiyi hələlik məlum deyil.

Sual yaranır: Məhv edilməsi nəzərdə tutulan tibbi ləvazimatların doğum evinin həyətinə çıxarılaraq əməkdaşlara saydırılması hansı qaydalara əsasən həyata keçirilir?

Axı tibbi tullantıların toplanması, çeşidlənməsi, saxlanması və zərərsizləşdirilməsinin konkret sanitariya və təhlükəsizlik tələbləri mövcuddur. Bu tələblərin pozulması, xüsusilə təhlükəli tibbi tullantılardan söhbət gedirsə, işçilərin sağlamlığı üçün risk yarada bilər.

Məsələnin digər narahatedici tərəfi isə əməkdaşlarla rəftar barədə səsləndirilən iddialardır. Bildirilir ki, baş tibb bacısı vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən bəzi əməkdaşlarla kobud davranıldığı, xidməti subordinasiya və etik ünsiyyət qaydalarına riayət olunmadığı iddia edilir.

Müvəqqəti vəzifə səlahiyyəti kiməsə işçilərin ləyaqətini alçaltmaq və ya onlarla hörmətsiz davranmaq hüququ vermir!

Rəhbər vəzifə ilk növbədə məsuliyyət, peşəkarlıq və əməkdaşlara hörmət tələb edir.

Bu baxımdan doğum evinin rəhbərliyi bir sıra suallara aydınlıq gətirməlidir: Görüntülərdəki ləvazimatlar hansı məqsədlə müəssisənin həyətinə çıxarılıb? Onların uçotu və məhv edilməsi hansı prosedurla aparılır? Əməkdaşların təhlükəsizliyi təmin olunubmu? İşçilərlə kobud davranış iddiaları araşdırılırmı?

Aidiyyəti qurumlar tərəfindən məsələnin araşdırılması, həm sanitariya təhlükəsizliyinə, həm də əmək münasibətlərinə hüquqi qiymət verilməsi vacibdir.

Redaksiya olaraq məsələ ilə bağlı 3 saylı Doğum Evinin rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Bakunews.az


Hadisələri Tiktokda anında izləyin!
Keçid et